Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

Əlisahib Hüseynov: “Əli Kərimli də, onun yandaşları da yalnız virtual dünyada yaşayır”

“İqtidar mitinqə icazə verdi, Qaradağ rayonunun Lökbatan qəsəbəsində mitinq üçün konkret məkan da ayırdı. Lakin radikal müxalifət – AXCP-“Milli Şura” cütlüyü sözügedən məkanda mitinq keçirməkdən birmənalı şəkildə imtina etdi və mitinq təxirə salındı. Əlbəttə, bu, gözlənilən idi. İqtidar belə bir sonluğu, müxalifətin ənənəvi inkarçılıq davranışını gözləyirdi. İqtidar radikal müxalifətə məlum ünvanda yer ayırmaqla, mitinqə icazə verməklə bir növ müxalifəti, müxalifətin gücünü test etmiş oldu. Testin nəticələri isə həmişə olduğu kimi yenə də müxalifətin gücsüzlüyünü, zəifliyini bir daha ortaya qoydu. Virtual məkanda çoxsaylı “troll ordusu”nun sayəsində az qala “inqilab” fırtınası yaradan radikal müxalifət liderlərinin real məkanda real mitinq keçirməyə isə cəsarətləri çatmadı.”

Ə.Hüsynov hesab edir ki, əslində müxalifət ona verilmiş icazəli mitinq imkanından mütləq şəkildə yararlanmalıydı. Lakin cəmiyyət – həm sosial şəbəkələrdəki kəsim, həm də cəmiyyətin müxtəlif təbəqələri radikal müxalifətin mitinq iflası ilə baş-başa qaldı:

“Cəmiyyət gördü ki, müxalifətin gücü bir “Məhsul” stadionu qədərmiş. Paytaxtın mərkəzində keçirilən mitiqlərə 10 min nəfərdən artıq izləyici, tərəfdaş yığa bilməyən radikal müxalifətin paytaxtın mərkəzindən nisbətən uzaq olan Lökbatan qəsəbəsində mitinq təşkil etməyə isə ümumiyyətlə nə sosial bazası, nə texniki-təşkilati imkanları, nədə ki, təpəri var. Beləliklə, bir daha məlum oldu ki, müxalifətin yaratdığı virtual mitinq görüntüsünün cəmiyyətin ovqatı ilə və ölkədəki ictimai-siyasi proseslərlə heç bir əlaqəsi yoxdur.”

Ə.Hüseynov bildirib ki, Əli Kərimli də, onun yandaşları da yalnız virtual dünyada yaşayır. Partiya sədrinin sözlərinə görə, onların ölkənin real ictimai-siyasi həyatı ilə bağları çoxdan qopub. 28 sentyabr mitinqini təxirə salmaqla isə AXCP-“Milli Şura” rəhbərliyi virtual müxalifətçiliyə sarsıdıcı zərbə vurmuş oldu:

“Youtube kanallarında və sosial şəbəkələrdə Əli Kərimlinin, Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin çıxışlarının, paylaşımlarının altında şərh yazan sıravi virtual müxalifətçilərin əksəriyyətində xəyal qırıqlığı yarandığı hiss olunur. Hətta bu mitinqin təxirə salınmasına görə Əli Kərimlini açıq surətdə qınayan, tənqid edən müxalifətçilər də var. Odur ki, Əli Kərimlinin “Mitinq etmək haqqımızdır! Vaz keçməyəcəyik!” kimi hikkəli açıqlaması və ya növbəti mitinq anonsu da daldan atılan daşın topuğa dəyməsi məsəlini xatırladır. Əli Kərimli bundan sonra öz tərəfdaşlarında, adeptlərində artıq əvvəlki kimi haylı-küylü mitinq eyforiyasını, virtual ekstaz vəziyyətini bir daha yarada bilməyəcək. Bu cür icazəli mitinqin təxirə salınması cəmiyyətə onu diqtə edir ki, radikal müxalifətə əsla güvənmək olmaz. Şükürlər olsun ki, cəmiyyətimiz kifayət qədər ayıq-sayıq cəmiyyətdir. İnsanlarımız ölkədə “Ukrayna ssenarisi”nin, “Suriya ssenarisi”nin təkrarlanmasını, Azərbaycanın inqilab və xaos cəhhənəminə çevrilməsini istəmir. Məhz bu səbəbdəndir ki, cəmiyyət radikal müxalifətə dəstək vermir. Cəmiyyət Əli Kərimlinin sadəcə mitinq “virus”una yoluxduğunu yaxşı bilir. Fəsildən-fəsilə isə bu yoluxmanın simptomları özünü lap qabarıq şəkildə göstərir. Hər il payız və yaz fəsilləri gələndə radikal müxalifətin mitinq “xəstəliyi” də aktivləşir. Cəmiyyətimiz 26 ildir ki, siyasi proseslərin bu cür gedişatına və radikal müxalifətin “sezonnı” müxalifətçiliyinə alışıb. İqtidar da müxalifətin bu durumunu illərdir ki, eyni qayda ilə müşahidə edir. Sözügedən icazəli mitinqdən imtina edilməsi isə iqtidarın ortaya qoyduğu versiyaları bir daha təsdiqləmiş oldu. Müxalifətin mövcud çərçivələrdən, stereotiplərdən kənara çıxa bilməməsi göz qabağındadır. Ancaq Əli Kərimli ölkədə sağlam müxalifətçilik ab-havasının formalaşmasını istəyirsə, artıq cəmiyyətdə ikrah doğuran, haqlı qınaqlara səbəb olan kiflənmiş, paslanmış mitinq taktikasından, zorakı “inqilab” çağırışlarından əl çəkməlidir. O və yandaşları sivil müxalifətçilik ampluasına keçməlidir. Ölkədə sivil müxalifətçilik, intellektual müxalifətçilik atmosferi formalaşdırılmalıdır. Dünyanın hər yerində intellektual demokratlar seçkiyə, qaragüruh “demokrat”lar isə mitinqlərə üstünlük verirlər. Nəhayət ki, Əli Kərimli də bu həqiqəti dərk etməlidir. O, qulaqlarını açıb cəmiyyətin mitinqlərə qarşı təpkilərini eşitməlidir, mitinq taktikasının köhnəldiyini və artıq heç bir effekt vermədiyini ona anlatmaq istəyən opponentlərinin səsini eşitməlidir. Belə davam edə bilməz!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir