Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

2019 nə ilə yadda qaldı? – «Şərq» Qarabağ münaqişəsi ilə bağlı sorğu keçirdi

“Problemin tənzimlənməsinə dair ümidlər yaransa da, konkret nəticə əldə olunmadı”

2019-cu ilin başa çatmasına sayılı günlər var. Əfsuslar olsun ki, bitmək üzrə olan cari ildə də Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi ölkəmizin təhlükəsizliyi üçün başlıca təhdid olaraq qaldı. Düşmənin status-kvonu saxlamaq məqsədilə siyasi və hərbi təxribatlar törətməsi, danışıqlar prosesini pozması səbəbindən münaqişənin siyasi yolla nizamlanmasında irəliləyişə nail olmaq mümkün olmadı.
Bununla belə, Azərbaycanın siyasi-diplomatik təzyiqləri nəticəsində Ermənistan danışıqlar masasına oturmağa məcbur edildi. Xarici işlər nazirləri səviyyəsində həmsədrlərin iştirakı ilə bir neçə görüş baş tutdu. Lakin siyasi şərhçilərə görə, başa çatmaqda olan 2019-cu ili münaqişənin həlli baxımından müsbət dəyərləndirmək olmaz. 

2019-cu ilin nəticələrini “Şərq”ə dəyərləndirən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev vurğulayıb ki, Azərbaycan – Ermənistan XİN rəhbərlərinin ilin əvvəlində Parisdə keçirilən görüşündən sonra ictimaiyyətdə müəyyən ümidlər yaranmışdı. Ancaq sonrakı proseslər məyusluğa səbəb oldu: 
“XİN rəhbərlərinin hər iki tərəfi sülhə hazırlamaq təklifləri və bu barədə razılığın əldə olunması barədə bəyanatları prosesin başlandığı görüntüsünü yaratdı. Ancaq il ərzində davam edən danışıqlar konkret nəticə ilə sona çatmadı. Ermənistan tərəfinin münaqişənin həllinə bacardığı qədər maneçilik törətmək və prosesi uzatmaq niyyəti hiss olunurdu. Sanki, Ermənistanın bütün rəhbərlikləri Dağlıq Darabağ probleminin həllini özündən sonrakı rəhbərliyə ötürərək, məsuliyyəti öz üzərindən atmaq istəyir. Çünki münaqişənin həlli istiqamətində qəbul olunacaq hər hansı razılaşmada mütləq mənada Azərbaycanın ərazi bütövlüyü öz əksini tapacaq. Beynəlxalq hüquq normalarına əsasən münaqişənin başqa həlli yolu yoxdur. Bu səbəbdən Paşinyan həm öz hakimiyyətini saxlamaq, həm də sülh müqaviləsini imzalamaqdan sığortalanmaq istəyir”.

Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov hesab edir ki, 2019-cu il münaqişənin çözülməsi istiqamətində ən hərəkətli və gərgin il kimi tarixə keçəcək: 
“Bu il Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair bir sıra addımlar atıldı. Azərbaycan problemin həllində ən çox maraqlı olan tərəf kimi real cəhdlər göstərdi. İlin gedişatına xronoloji ardıcıllıqla baxsaq, 2019-cu ildə dialoq təmasları daha intensiv surətdə davam etdirilib və  ümumilikdə tərəflərin xarici işlər nazirləri arasında 5, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri arasında isə 4 görüş baş tutub. Lakin bu görüşlər məhz rəsmi İrəvanın təxribatçı, sürüşkən mövqe tutması üzündən nəticəsiz qalıb. Düşmən ölkənin baş naziri Nikol Paşinyanın və müdafiə naziri David Tonoyanın qızışdırıcı, avantürist açıqlamaları nəinki problemin həllinə zərrə qədər də kömək etmədi, əksinə, regionda müharibənin yenidən başlanması riskini bir qədər də artırdı”. 
Partiya sədrinin sözlərinə görə, rəsmi İrəvanın müharibə ritorikasına üstünlük verməklə sülh danışıqları prosesini süni surətdə ləngitməyə çalışırlar:
“Paşinyanın və onun komandasının Qarabağ probleminin həlli ilə bağlı heç bir planı və real təsəvvürü yoxdur. Bunu düşmən ölkənin ekspertləri də etiraf edirlər. Məhz bu səbəbdən Ermənistanın baş naziri öz xalqının artan narazılıqlarını önləmək üçün tez-tez daxili auditoriyaya hesablanmış müharibə bəyanatları verir. “Qarabağ Ermənistandır” deyərək öz aləmində məsələyə “nöqtə” qoymağa çalışır. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev nüfuzlu “Valday” forumunda “Qarabağ Azərbaycandır” deməklə Paşinyanın bu hiyləgər demaqogiyasını alt-üst etdi və Qarabağın taleyində “nida” qoymaq haqqının məhz Azərbaycana məxsus olduğunu bütün dünyaya çatdırdı”. 
Ə.Hüseynov bəyan edib ki, bu il Ermənistan rəhbərliyinin münaqişəyə kəmiyyətcə yeni məzmun yükləmək cəhdləri fiasko ilə nəticələndi: 
“Söhbət ilk növbədə Paşinyanın Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı rejimin danışıqlar prosesində “üçüncü tərəf” kimi iştirakını təmin etmək cəhdindən və xülyasından gedir. Rəsmi Bakı Dağlıq Qarabağın Azərbaycanlı İcmasının fəaliyyətini aktivləşdirməklə Pşinyanın bu cəhdini də boşa çıxardı. Beləliklə, Azərbaycan tərəfinin diplomatik-siyasi çevikliyi sayəsində Paşinyanın bütün hiyləgər manevrləri son nəticədə Ermənistanın öz əleyhinə çevrilir. Bütövlükdə 2019-cu ildə düşmən ölkə ilə informasiya savaşında və diplomatik müstəvidə əldə etdiyimiz uğurlar 2020-ci ildə Qarabağ münaqişəsinin həlli və torpaqlarımızın işğaldan azad edilməsi üçün çox əlverişli zəmin yaradır”. 

BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov isə bildirib ki, bu il Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ötən illərdəki kimi heç bir hadisə ilə yadda qalmadı. Ekspertin sözlərinə görə, əslində bu vəziyyət beynəlxalq güclərin arzuladığı nəticədir və bizdən başqa hamını qane edir: 
“Əsas məsələ bizim həll yollarına münasibətimizdir. Hər ilin sonunda eyni sözləri təkrarlayırıq, gələn ilə ümidlə baxırıq, amma nəticə dəyişmir. Əslində növbəti ilin necə olacağını bilə-bilə yenidən eyni halı yaşamağımız çox acınacaqlı və qəzəb doğuran haldır. Mənasız danışıqları dayandırmağın vaxtı çoxdan çatıb. Çünki bizə heç nə qazandırmır. Ona görə də danışıqlardan imtina etməli, sərt üzümüzü ermənilərə göstərməliyik. Belə etməsək, münaqişənin həlli prosesi ölü nöqtədən tərpənməyəcək”. 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir