Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

Deputatlığa namizəd Əlisahib Hüseynov seçicilərlə görüş keçirdi-FOTO

Deputatlığa namizəd Əlisahib Hüseynov seçicilərlə görüş keçirdi

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri, Qarabağ qazisi Əlisahib Hüseynov seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçiciləri ilə görüşlərin davamı kimi Sumqayıt şəhərində yerləşən Qara İlyasov adına 1 saylı Qubadlı tam orta məktəbində məcburi köçkünlərlə izdihamlı görüş keçirib.

DADP Mətbuat xidmətinin məlumatına görə, seçicilərin yüksək fəallığı ilə keçən görüşdə deputatlığa namizəd Əlisahib Hüseynov Prezident İlham Əliyevin başlatdığı islahatlar barədə geniş söhbət açıb, növbədənkənar parlament seçkilərinin keçirilməsinin məhz ölkədə başlanmış köklü dəyişikliklər və islahatlar prosesinə dəstək verilməsi məqsədilə nəzərdə tutulduğunu qeyd edib.

Seçicilərə təşəkkürünü bildirən Ə.Hüseynov, onlara öz seçki Platforması barədə ətraflı məlumat verib, seçiciləri maraqlandıran məsələlərə münasibət bildirib. O, həmçinin seçiciləri fəal olmağa, fevralın 9-da layiq bildikləri namizədə səs verməyə çağırıb.

Deputatlığa namizədin vəkilləri, DADP-nin Seçki qərargahının fəalları və Əlisahib Hüseynovun keçmiş döyüş yoldaşları da çıxış edərək onun keçib gəldiyi zəngin həyat yolu barədə seçicilərə ətraflı məlumat veriblər. Natiqlər Ə.Hüseynovun istər insan kimi, istər siyasi partiya lideri kimi, istərsə də müharibə iştirakçısı kimi malik olduğu müsbət xüsusiyyətləri qeyd edərək, bu cür qayğıkeş və xeyirxah bir insanın deputat seçiləcəyi təqdirdə öz seçicilərinə də həmişə diqqətlə yanaşacağını və Azərbaycanın nümunəvi millət vəkillərindən biri olacağını xüsusi olaraq vurğulayıblar.

Yüksək səviyyədə keçən görüş zamanı çıxış edən seçicilər islahatları və ölkə başçısının yeniləşmə siyasətini dəstəklədiklərini bildiriblər. Həmçinin, yeni seçiləcək deputatların əvvəlki deputatlardan fərqli olaraq öz seçicilərinin problemləri ilə yaxından maraqlanacağını gözlədiklərini diqqətə çatdırıblar.

Seçicilər deputatlığa namizəd Əlsahib Hüseynova dəstəklərini ifadə ediblər. Çıxış edən seçicilər bildiriblər ki, onlar Əlisahib Hüseynovun bir millət vəkili kimi onların etimadını doğruldacağına inanırlar və ona görə də fevralın 9-da ona səs verəcəklər.

Görüşdən sonra Ə.Hüseynov seçicilərlə fərdi söhbətlər edib, onların suallarını cavablandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir