Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

“Bizə kabinet deputatı yox, qazi deputatlar lazımdır!” – FOTOLAR

Baxmayaraq ki, artıq təbliğat-təşviqat kampaniyasının sonuna yaxınlaşmışıq və seçkiyə sayılı günlər qalıb, biz təbliğati fəaliyyətimizi, təşviqat işlərimizi tam gücü ilə davam etdiririk. Başqa sözlə desək, yanvarın 17-dən bu günə qədər gördüyümüz işlə kifayətlənmirik, arxayınlaşmırıq. Seçki kampaniyasının son günlərini və son saatlarını da dəyərləndirmək və səmərəli keçirmək fikrindəyik. Odur ki, seçicilərlə təmaslarımıza, birbaşa ünsiyyətimizə ara vermirik. Harda bir məcburi köçkün seçicimiz yaşayırsa, ora getməyə, o seçicimizi salamlamağa, onunla həmsöhbət olmağa çalışırıq.
Bizim üçün hər bir seçici dəyərlidir. Biz bəzi namizədlər kimi özümüzü gözə soxmaq naminə, piar məqsədilə kampaniya aparmırıq. Bizim məqsədimiz hər bir məcburi köçkün ailəsinin real problemləri ilə maraqlanmaqdır, hər bir seçiciyə deputatlığa namizədlə təmas imkanı yaratmaqdır.
Odur ki, dünən də gün ərzində Sabunçu rayonunun Pirşağı qəsəbəsi, Yeni yaşayiş massiviində, Zabrat qəsəbəsi, Maşınqayırma zavodunun bağca binasında, Maşınqayırma zavodunun 2 saylı yataqxanasında yaşayan məcburi köçkünləri ziyarət etdik. Bu məkanlarda yaşayan soydaşlarımız da 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən səsvermə hüququ olan seçicilərdir. Mən özüm də, seçki qərargahımızın üzvləri də bir-bir hər mənzilin qapısını döydük, hər bir seçiciyə bukletlərimizi təqdim etdik.
Seçicilərimizin fəallığı xoşuma gəlir. Onlar bukletlərdə qeyd olunan məlumatlarla yaxından maraqlanır, Platformamla tanış olur və onları narahat edən məsələləri dilə gətirirdilər. Mən onlara ölkənin ümumi iqtisadi yüksəlişi və sosial ədalətin bərqərar olunması çərçivəsində məcburi köçkünlərə, şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində diqqətin daha da artırılması üçün var gücümlə çalışacağımı, həmçinin rayon icra hakimiyyətlərini və Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsini məcburi köçkünlərə qarşı daha diqqətli yanaşmağa və daha həssas davranmağa çağıracağımı bildirdim.
Eyni zamanda torpaqlarımızın tezliklə erməni işğalından azad edilməsi üçün hətta bir deputat kimi də hər an döyüşməyə hazır olduğumu onların diqqətinə çatdırdım. Deputat olmaq insanı öz Vətəni uğrunda döyüşməkdən azad etmir. Əksinə, məsuliyyəti ikiqat artırır. İndi bizə kabinet deputatı yox, qazi deputatlar lazımdır. Azərbaycanın müharibə vəziyyətində yaşaması, Qarabağın düşmən tapdağı altında inləməsi bunu tələb edir. İşğal olunmuş torpaqların deputatı da, seçicisi də hər an döyüşə hazır olmalıdır. Mən buna hazıram. Seçicilərimdə də bu ruhu sezdim, bu mübarizliyi hiss etdim.
Həmsöhbət olduğum seçicilərimə mənə və komanda üzvlərimə göstərdikləri çox səmimi, doğma münasibətə görə ürəkdən təşəkkür edirəm. Hər biriniz çox dəyərlisiniz, əziz soydaşlarım!
Əlisahib Hüseynov -125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri, Qarabağ qazisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir