Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

Həmsədr ölkələr Ermənistandan işğalçılıq siyasətinə son qoymağı tələb edə bilmirlər

“Atəşkəs” sözü ermənilərin əlində həmişə bir bəhanə rolunu oynayıb. Onlar 1994-cü il mayın 12-də atəşkəs haqda “Bişkek protokolu”nu imzaladıqları gündən üzü bəri demək olar ki, hər gün atəşkəs rejimini pozublar. Amma eyni zamanda da görünməmiş həyasızlığa yol verərək həmişə Azərbaycanı beynəlxalq təşkilatlara şikayət ediblər və atəşkəsin pozulmasının günahını hər dəfə məhz bizim üzərimizə yıxmağa çalışıblar.

Ermənilər bu gün də bu həyasız dezinformasiya, saxtalaşdırma siyasətini davam etdirirlər. Belə ki, ötən gün Ermənistan Respublikasının silahlı qüvvələri Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi növbəti dəfə atəşə tutublar. Eləcə də, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Oxşar vəziyyət demək olar ki, hər gün təkrarlanır. İşğalçı ölkə ya cəbhənin təmas xəttində atəşkəsi pozur, yadaki Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax rayonundakı hissəsində vaxtaşırı təxribatlar törədir. Azərbaycan tərəfi isə heç şübhəsiz ki, hər dəfə düşməni cavab atəşi ilə susdurmaq məcburiyyətində qalır. Həmsədr ölkələr isə bu duruma göz yumur, Ermənistandan məsuliyyətli davranmağı və işğalçılıq siyasətinə son qoymağı tələb edə bilmirlər. Necə deyərlər, bu gün biz həmsədrlərin mövqesiz diplomatiyası və dişsiz beynəlxalq hüquqla baş-başa qalmışıq. Odur ki, zənnimizcə, Birinci Qarabağ Müharibəsi vaxtı Ermənistan-Azərbaycan cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan, lakin heç bir hüquqi xarakter daşımayan məlum “atəşkəs müqaviləsi”ni dayandırmaq və düşmənə ordumuzun gücünü göstərmək lazımdır. Əks halda, Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması halları bundan sonra da eyni qaydada davam edəcək.

Əlisahib Hüseynov 
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir