Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

Mətbuatda fikir, söz, məlumat azadlığının durumu, plüralizmin vəziyyəti qənaətbəxşdir

Əlisahib Hüseynov: “Ölkəmizdə həyata keçirilən islahatlar və  kadr dəyişiklikləri prosesində medianın, azad sözün oynadığı rol da danılmazdır”

Azərbaycanda bütün istiqamətlərdə, müstəvilərdə uğurlu addımlar atılır, islahatlar həyata keçirilir.  Həyata keçirilən islahatlar ölkədə siyasi plüralizmi daha da möhkəmləndirir, fikir, söz, məlumat və ifadə azadlığı kimi demokratik prinssiplərin daha yükssək səviyyədə təmin olunmasına yol açır. Elə Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov da bu qənaətdədir. DADP sədri ilə söhbətimizdə ölkədəki fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin mövcud durumundan danışdıq.

-Əlisahib müəllim, hazırda ölkədə fikir, söz, məlumat və ifadə azadlığının durumunu, plüralizmin vəziyyətini necə dəyərləndirirsiniz?

-Mən sizin bu sualınızın cavablandırılmasına Prezident İlham Əliyevin  bir fikiri  ilə başlamaq istərdim: “Ölkə iqtisadi cəhətdən zəngin ola bilər, təbii resurslarla zəngin ola bilər, amma əgər cəmiyyətdə gözəl ab-hava, azadlıqlar yoxdursa, bu inkişaf yarımçıq ola bilər və ya dayanıqlı olmaya bilər”. Bu fikirdə dərin bir həqiqət ehtiva olunur. Bəli, istənilən ölkənin inkişafı üçün demokratiya  və azadlıqların mövcudluğu çox mühüm  rol oynayır. Hazırda ölkəmizdə istər siyasi sahədə, istərsə də mətbuatda fikir, söz, məlumat azadlığının durumu, plüralizmin vəziyyəti qənaətbəxşdir. Mən bu azadlıqların və siyasi plüralizmin təmin olunmasını ilk növbədə Ulu Öndər Heydər Əliyevin vaxtilə bu sahədə atdığı addımları ilə əlaqələndirirəm. Xatırlayırsınızsa, ötən əsrin 90-cı illərinin sonlarında mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Belə ki, 1998-ci il avqustun 6-da ölkədə senzuranın ləğv edilməsinə qərar verildi. Bu da həm söz və məlumat azadlığının, həm də fikir plüralizminin təmin edilməsi baxımından sözün əsl mənasında inqilabi addım idi. Bütün sonrakı azadlıqlar da zəncirvari qaydada məhz senzuranın ləğvindən sonra gerçəkləşməyə, oturuşmağa başladı. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunun qəbulu ölkə mətbuatının inkişafı üçün yeni imkanlar yaratdı. Ulu Öndərin təməlini qoyduğu bu işlər sonradan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Müstəqil medianın inkişafı üçün dövlət başçısı tərəfindən  2009-cu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF)  yaradılmasını xüsusi qeyd etmək  lazımdır. Jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə addımlar atılması, mətbu orqanlara birdəfəlik maddi yardımların göstərilməsi, ayrı-ayrı qəzetlərin, o cümlədən müxalif mövqeli qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının ləğv edilməsi də dövlətin və hakimiyyətin  azad sözün, plüralizmin inkişafına verdiyi dəyərin göstəricisidir. Ölkə başçısı İlham Əliyev cəmiyyətdə gedən proseslərin plüralizm və aşkarlıq prinsipləri üzərində qurulmasınının vacibliyini, köhnə stereotipləri sıradan çıxarmaq üçün, habelə daxili və xarici düşmənlərimizin, “beşinci kolon”un  nümayəndələrinin  cəmiyyəti  parçalamaq məqsədilə göstərdikləri səylərin qarşısının alınması üçün  ölkədə azad sözə hər zaman ehtiyac olduğunu düzgün dəyərləndirir. Prezident dəfələrlə qeyd edib ki, fikir plüralizmi və hüquqi dövlət quruculuğu prosesi olmadan Azərbaycanda dövlətçiliyin, dayanıqlı inkişafın, sabitliyin qorunması mümkün deyil. Bu gün ölkəmizdə həyata keçirilən islahatlar və  kadr dəyişiklikləri prosesində medianın, azad sözün oynadığı rol da danılmazdır. Belə deyək də, bu gün Azərbaycanda demokratik açılımlar və sosial-iqtisadi inkişaf prosesləri paralel aparılır. İslahatlar təkamül yolu ilə aparılır, siyasi islahatlar dərinləşir. Ölkədə yeni siyasi münasibətlər formalaşır. Və bütün bunlar söz azadlığı fonunda, siyasi plüralizm şəraitində baş verir. Çünki ölkədə söz azadlığı və plüralizm tam təmin edilib. Tənqidçi media da kifayət qədər fəaldır. Həmçinin, sosial şəbəkə istifadəçiləri də öz fikirlərini rahat bir şəkildə ifadə edə bilirlər. Yəni ki, radikal müxalifət nümayəndələrinin iddialarının əksinə olaraq mən  bu sahədə hansısa məhdudiyyət görmürəm. Bu bir danılmaz faktdır ki, bu gün ölkə əhalisinin 80 faizi internet istifadəçisidir. Onların ölkədə baş verən proselərə müxtəlif rakurslardan qiymət vermələrinə heç bir qadağa qoyulmur.  Bu mənada, mən hazırda ölkəmizdə söz və məlumat azadlığının, plüralizmin vəziyyətini yüksək qiymətləndirirəm.

-İstər parlamentin tərkibi, istər Milli Məclis rəhbərliyində müxalifət partiyalarına yer ayrılması onu deməyə əsas verirmi ki, Azərbaycanda siyasi plüraliz mövcuddur və tədricən də inkişaf edir?

-Əlbəttə, birmənalı olaraq deyə bilərik ki, Azərbaycanda fikir plüralizmi ilə bərabər siyasi plüralizm və müxtəliflik də mövcuddur. Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra Milli Məclisin rəhbərliyində müxalifət partiyalarının nümayəndələrinə yer ayrılması isə ölkədə siyasi plüralizmin daha da inkişaf etdirilməsinə xidmət edir. Buna heç kimin şübhəsi olmasın. Bu həm də ölkədə yeni siyasi münasibətlərin formalaşmasının nəticəsidir. Prezidentin təşəbbüsü ilə bu gün Azərbaycanda yeni siyasi konfiqurasiya araya-ərsəyə gəlməkdədir. Bu konfiqurasiya təktərəfli deyil. Yəni ölkədə hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə bərabər, digər partiyaların da, o cümlədən müxalifət partiyalarının da siyasi proseslərdə fəal iştirakına stimul yaradılır. Müxalifət partiyalardan birinin nümayəndəsinin vitse-spiker seçilməsi isə bu dediklərimizin əyani təsdiqidir. Mən VHP-nin nümayəndəsi, hörmətli professorumuz Fəzail İbrahimlini nəzərdə tuturam. Bu faktın özü də ölkədə iqtidar-müxalifət münasibətlərinin tamamilə yeni müstəviyə keçməsinin göstəricisidir. Başqa sözlə desək, cəmiyyətin inkişafında və ölkə idarəetməsində müxalifətə də yer verilməsi siyasi proseslərin dolğunlaşmasından, şəffaflaşmasından xəbər verir. Siyasi plüralizm də məhz belə bir şəraitdə daha çox inkişaf etmək imkanı qazanır.

-Bir siyasi partiya olaraq siz ölkədə siyasi plüralizmin vəziyyətindən razısınızmı?

Bu sualınıza görə təşəkkür edirəm. Çox yaxşı sualdır. Mənim bu suala cavabım isə birmənalı olaraq müsbətdir. Bəli, Demokratik Azərbaycan Dünyası Partiyasının rəhbəri olaraq əminliklə bildirirəm ki, hazırda ölkədə mövcud olan siyasi plüralizm mühiti məni tam qane edir. Hesab edirəm ki, mən bu fikirdə qətiyyətlilik nümayiş etdirən yeganə şəxs deyiləm. Zənnimcə, əksər müxalif partiya liderləri də bu fikirdədirlər. İlqar Məmmədovdan tutmuş Pənah Hüseyn və ya Sərdar Cəlaloğlu, İqbal Ağazadə kimi fəal müxalifətçilərin də əksəriyyəti bu gün ölkədə siyasi plüralizmin mövcudluğunu inkar etmirlər. Burada bir məqamı xüsusilə qeyd etmək gərəkdir ki, siyasi plüralizm mühitinin daha da genişləndirilməsi, daha da inkişaf etdirilməsi təkcə iqtidardan asılı deyil. Müxalifət partiyaları da bu prosesdə öz məsuliyyətlərini dərk etməli, öz üzərlərinə düşən vəzifələri gərəyincə yerinə yetirməlidirlər. Biz də iqtidaryönümlü partiya olaraq bu prosesdə əlimizdən gələni etməyə hazırıq.

-Ölkədə siyasi sahədə həyata keçirilən islahatlar plüralizmin daha da inkişaf edəcəyi və möhkəmlənəcəyi qənaətini yaradırmı?

-Bəli, istər media sahəsində, istərsə də siyasi sferada plüralizmin bundan sonra da dərinləşəcəyi, inkişaf edəcəyi şəksizdir. İslahatlar prosesinin ardıcıllığı və dönməzliyi də bunu göstərir. Və bunu hiss etmək üçün, görmək üçün müxalifətçi həmkarlarımızın böyük düha sahibi olmalarına da əsla ehtiyac yoxdur. Yetər ki, obyektivlik hissini itirməsinlər. Bu gün siyasi mühitimizdəki plüralizm özünü real olaraq nədə göstərir? Baxın, hazırda dövlət qeydiyyatı olan bütün siyasi partiyaların cəmiyyətə maneəsiz çıxış imkanı, kommunikasiya kanalları var. Hər bir siyasi partiya ölkə miqyasında öz təbliğatını apara, yerlərdə özəklərini yarada bilir. Əksər partiyalar paytaxtda və bölgələrdə qərargahlarla təmin olunub. Demək olar ki, hər bir partiyanın öz xəbər saytı və ya internet televiziyası fəaliyyət göstərir. Hətta hakimiyyətə opponentlik edən siyasi düşərgənin də çoxlu sayda informasiya resursları vardır. Ancaq  proseslərin gedişatı onu göstərir ki, dövlət başçısı siyasi plüralizmin hazırki durumu ilə kifayətlənmək fikrində deyil. Siyasi partiyalar üçün, o cümlədən müxalif siyasi qüvvələr üçün də getdikcə daha geniş fəaliyyət imkanları yaradılacaqdır. Hazırki imkanlar kimi qane etmirsə və yaxud da ki, kimlərki ölkədə plüralizmin mövcud olmadığını iddia edirlərsə, onlar öz maksimalistlikləri ilə, həddindən artıq ifrata varmaqları ilə sadəcə olaraq hazırda genişlənməkdə olan islahatlar prosesinin gedişinə zərbə vururlar, bilərəkdən və ya bilməyərəkdən islahatların daha da dərinləşməsinin qarşısını alırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir