Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

Müxalifət partiyaları demokratik açılımların, siyasi islahatların önündə əngələ çevrilməməlidir-ÖZƏL

Əlisahib Hüseynov: “Onlar islahatlar prosesinin fəal iştirakçısı olmalıdırlar və  ADP sədri Sərdar Cəlaloğlunun da haqlı olaraq qeyd etdiyi kimi bu gün Azərbaycan müxalifəti İlham Əliyevi dəstəkləməlidir”

Bir xeyli müddətdir ki, ölkədə həyata keçirilən məqsədyönlü islahatlara siyası sahədə atılan müsbət addımlar, Azərbaycanda siyasi konfiqurasiyanın yaranmasına xidmət edən tədbirlər də əlavə edilib. Konkret olaraq yeni siyasi dönəmə qədəm qoyan Azərbaycanda hakimiyyətin atdığı bu addım, siyasi açılım ölkədə fəaliyyət göstərən əksər siyasi partiyalar tərəfindən müsbət qarşılanıb, iqtidardan uzanan əməkdaşlıq əlinə adekvat reaksiya verilib. Ancaq təəssüflər olsun ki, bəzi radikal qüvvələrin əməkdaşlıq təşəbbüslərinə reaksiyası heç də adekvat deyil. Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyir ki, hazırda ölkədə siyasi partiyalar üçün həqiqətən də olduqca geniş fəaliyyət imkanları və münbit şərait yaradılmaqdadır: “Bəs bunun qarşılığında siyasi partiyalar nə etməli, hansı mövqedən çıxış etməlidirlər? Sözün açığı, bu suala birmənalı cavab vermək mümkün deyil. Çünki bu məsələyə hər kəs öz baxış açısından yanaşa bilər. Amma bütün hallarda mən belə hesab edirəm ki, indi siyasi cığallıq vaxtı deyil. Ölkənin indiki kövrək dəyişikliklər dönəmində, o cümlədən pandemiya şəraitində məhəlli siyasi çəkişmələrlə məşğul olmaq, yersiz və anlamsız siyasi intriqalara rəvac vermək, siyasi demaqogiya ilə baş girləmək, “mənəm-mənəm”lik iddiasına düşmək və qarşı tərəfi (xüsusən də iqtidarı) yeri gəldi-gəlmədi ittiham etmək heç bir siyasi qüvvəyə uğur gətirməz. Ölkədə islahatların gündən-günə dərinləşdiyi, korrupsiyaya qarşı mübarizənin vüsət aldığı, genişləndiyi indiki həssas dönəmdə müxalifətdən gözləntilərimiz nədir? Əgər Azərbaycan müxalifəti də bu proseslərin uğurla davam etdirilməsində və ölkədə siyasi plüralizmin mühitinin tam şəkildə oturuşmasında maraqlıdırsa, o zaman proseslərin qarşısında yox, proseslərin içində yer almalıdır, rol almalıdır. Müxalifət partiyaları demokratik açılımların, siyasi islahatların önündə əngələ, tormozlayıcı qüvvəyə çevrilməməlidir. Onlar islahatlar prosesinin fəal iştirakçısı olmalıdırlar və  ADP sədri Sərdar Cəlaloğlunun da haqlı olaraq qeyd etdiyi kimi bu gün Azərbaycan müxalifəti İlham Əliyevi dəstəkləməlidir. Həm korrupsiyaya qarşı mübarizədə, həm də digər məsələlərdə. Bu gün ölkə müxalifəti dövlət başçısının start verdiyi islahatlar prosesinin, kadr və institusional dəyişikliklərin, siyasi dialoq kursunun müxalif qüvvələr üçün açdığı yeni imkanları düzgün dəyərləndirməlidir. Kim yersiz radikallıq və inkarçılıq göstərəcəksə, kim iqtidar tərəfindən ona tərəf uzadılmış barış və əməkdaşlıq əlini geri çevirəcəksə, özündən küssün. Yeni siyasi konfiqurasiyada ifratçılara, inkarçılara, marginallaşmış radikallara yer olmayacaq. Onlar siyasi meydandan kənarda qalacaqlar”.  Partiya sədri hesab edir ki, radikal siyasi qüvvə siyasi açılımlardan yararlanıb əməkdaşlıq təşəbbüslərinə adekvat reaksiya verməli olduğu halda, əsassız, qərəz dolu iddialar ortaya qoyur, Azərbaycanda siyasi azadlıqların mövcud olmadığını iddia edirlər: “Azərbaycanda siyasi azadlıqların pozulduğunu, plüralizmin mövcud olmadığını kimlər iddia edir? Təbii ki, ilk növbədə Əli Kərimli-Cəmil Həsənli cütlüyünün başçılıq etdiyi AXCP və Milli Şurada cəmlənmiş marginal qüvvələr. Onlara dəstək verən bəzi beynəlxalq təşkilatlara isə Azərbaycandakı proseslərlə bağlı real faktlar yox, AXCP və Milli Şuranın təqdim etdiyi təhriflər, dezinformasiyalar, “feyk-nyus”lar maraqlıdır. Çünki onlar Azərbaycana qarşı öncədən subyektiv və ədalətsiz mövqe tutublar. Ölkəmizə qarşı önyarğılı davranmaq onların əsas prinsipinə çevrilib. Ancaq real həqiqətlər isə tamamilə başqa mənzərəni göstərir. Siz xatırlayırsınızsa, Covid-19 pandemiyasından öncəki dönəmlərdə AXCP və Milli Şura dəfələrlə paytaxtda ictimai asayişi pozmağa, ölkədə siyasi gərginlik mühiti yaratmağa hesablanmış kütləvi siyasi aksiyalar keçirməyə, iğtişaşlar törətməyə cəhd göstəriblər. Lakin iqtidar isə söz azadlığı, sərbəst toplaşmaq azadlığı kimi fundamental demokratiya anlayışlarından sui-istifadə etməyə, ölkədə gərginlik yaratmağa çalışan bu qüvvələri qanunsuz, icazəsiz aksiyalar keçirməkdən imtina etməyə çağıranda, onlar bir qayda olaraq həmişə hay-küy  yaratmağa və ölkədə söz, ifadə, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırıldığını dünyaya car çəkməyə çalışıblar. Və yaxud da ki, bu gün Azərbaycanda söz azadlığının boğulduğunu iddia edən radikallar əsl həqiqətdə isə kifayət qədər geniş media resurslarına malikdirlər. Onlar malik olduqları internet televiziyalarından, Yutub kanallarından, sosial şəbəkə hesablarından istifadə edərək az qala gecə-gündüz durmadan  hakimiyyətə qarşı təbliğat aparır, Prezidentə və ayrı-ayrı məmurlara qarşı hər cürə əsassız ittihamlar səsləndirir, hətta təhqirlərə də yol verirlər. Və bütün bunlarla yanaşı, eyni zamanda da ölkədə söz azadlığının olmamasından, plüralizmin boğulmasından dəm vururlar. Bu nonsens deyilmi? Onların bu iddialarında rasional məntiq varmı? Xeyr, heç bir rasionallıq yoxdur. Radikal müxalifətçilər ümumiyyətlə, rasionallıqdan və ədalət prinsiplərindən uzaqdır. Çünki Azərbaycan hakimiyyəti radikal müxalifət tərəfindən efirdən və sosial şəbəkələr üzərindən fasiləsiz olaraq öz ünvanına yönələn əsassız ittihamlara, böhtanlara, təhqirlərə və şantaja təmkin və dözümlülüklə yanaşır, radikallara qarşı total təzyiq və təqib üsullarına əl atmır və onların fəaliyyətlərini davam etdirməsinə də hər hansı bir əngəl yaratmır. Məgər iqtidarın öz opponentlərinə qarşı bu cür təmkinli davranışı ölkədə söz və ifadə azadlığının, siyasi plüralizmin mövcud olduğunu və işləkliyini göstərmirmi? Bunu görməzlikdən gələnlər özlərini siyasi korluğa vurmuş qüvvələrdir. Ağlı başında olan və ədalət hissini itirməyən insanlar isə həqiqətləri qətiyyən təhrif etmirlər”.

Əlisahib Hüseynov qeyd edib ki, bu gün müxalifət ənənəvi mövqeyindən, inkarçı düşüncələrdən, siyasi düşmənçilik vərdişlərindən əl çəkib İlham Əliyevin başlatdığı islahatlar kursuna, yeniləşmə xəttinə mənəvi-siyasi dəstək verməli, dialoq təklifinə müsbət yanaşmalıdır: “Dialoqdan imtina etmək siyasi uzaqgörənlik və qəhrəmanlıq deyil. Kim belə düşünürsə böyük səhvə yol verir. Əli Kərimli Feysbukda və Yutubda onun paylaşımlarının, çıxışlarının altından pafoslu rəylər yazıb onu cəsur lider hesab edən, ona qaz verən marginalların yaratdığı virtual effektdən eyforiyaya qapılmasın. İqtidarın dialoq və barış təkliflərinə davamlı şəkildə “yox” demək və yaxud da ki, dövlətlə, hakimiyyətlə şərtlərin diliylə danışmaq əslində radikal müxalifətin və bilavasitə Əli Kərimlinin özünə, onun dəstəkçilərinə zərbə vurur. Dövlətlə şərtlə, diktə ilə danışmaq olmaz. Bu siyasi müdriklikdən uzaq hərəkətdir. Sən ölkədə siyasi dialoq mühitinin formalaşmasında və plüralizmin genişlənməsində maraqlısansa, praqmatik davranmalısan və mövcud imkanları, iqtidarın təkliflərini, təşəbbüslərini düzgün dəyərləndirməlisən, adekvat qərarlar qəbul etməyi bacarmalısan. Lakin əfsuslar olsun ki, AXCP-Milli Şura rəhbərliyinin hazırki davranışları və hakimiyyətin təşəbbüslərinə reaksiyaları tamamilə qeyri-adekvatdır. Onlar öz mikrodünyalarında yaşayırlar”. Əlisahib Hüseynov onu da diqqətə çatdırıb ki, Prezident Administrasiyasında siyasi partiyalarla işləyən müvafiq şöbənin yaradılması da zamanında atılmış uğurlu addımdır: “Biz sözügedən  şöbənin fəaliyyətinin bütövlükdə ölkəmizin siyasi perspektivləri baxımından uğurlu nəticələr verəcəyinə böyük ümidlər bəsləyirik. İlkin müşahidələrimiz də nikbinlik üçün kifayət qədər əsas verir. Bəli, Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması və bu şöbəyə Ədalət Vəliyev kimi təcrübəli, kompetent bir dövlət adamının, dialoqa, müzakirələrə, təklif və təşəbbüslərə açıq olan bir ziyalının rəhbər təyin edilməsi proseslərin bundan sonrakı gedişatına optimist yöndən baxmağımıza imkan yaradır. Ədalət müəllim təyin olunduğu ilk günlərdən siyasi partiyalarla iş müstəvisində böyük bir canlanmaya start verdi. Əvvəlki ictimai-siyasi şöbənin müdirinin zamanında siyasi partiyalarla münasibətlər tamamilə dondurulmuşdu. Həmin dövrdə nəinki müxalifət partiyaları ilə, hətta iqtidarı dəstəkləyən partiyalarla da heç bir iş aparılmırdı. Əli Həsənov siyasi partiyaları hər vəchlə siyasi proseslərdən kənarda saxlamağa çalışırdı. Lakin yeni şöbənin və bu şöbəyə rəhbərlik edən Ə.Vəliyevin siyasi partiyalara münasibəti və siyasi partiyalarla iş fəlsəfəsi tamamilə fərqlənir. Bu da özünü həm partiya liderləri ilə görüşlərin keçirilməsində, həm bir neçə siyasi partiyanın dövlət qeydiyyatına alınmasında, həm də bu yaxınlarda səhhətində ciddi problemlər yaranmış müxalif partiya liderlərindən birinin – Əhməd Orucun müalicəsinin Prezidentin nəzarətinə götürülməsində göstərdi. Partiya sədrləri ilə görüşlərdə siyasi partiyalar və dövlət münasibətləri, siyasi partiyalar və parlament fəaliyyəti, siyasi partiyaların islahatlar prosesində rolu kimi cəmiyyət və dövlətimiz üçün bir sıra çox önəmli məsələlər müzakirə edilib, təkliflər dəyərləndirilib. Eləcə də, uzun illərdi ki, fəaliyyət göstərən, lakin müxtəlif süni, bürokratik əngəllər üzündən qeydiyyatı yubadılan bir neçə siyasi partiyanın bu yaxınlarda dövlət qeydiyyatına alınması da öz-özlüyündə olduqca müsbət yenilikdir. Müxalifət partiyasının nümayəndəsinin parlamentin vitse-spikeri postuna seçilməsi də Azərbaycanın yeni siyasi münasibətlər mərhələsi üçün bir ilkdir. Bütün bunlar bu gün bizə onu deməyə əsas verir ki, ölkə başçısının siyasi iradəsi ilə artıq ölkəmizdə keyfiyyətcə tamamilə yeni proseslərə start verilib və bu proseslərin alternativi yoxdur. Çünki məqsəd Azərbaycanda demokratiyanın daha da genişləndirilməsinə və sosial-iqtisadi sıçrayışa nail olmaqdır. Azərbaycan insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə qorunduğu nümunəvi bir ölkəyə çevrilməkdədir. Biz bu imicimizi getdikcə də möhkəmləndirməliyik. Azərbaycan hökuməti Avropaya inteqrasiya xəttini sözdə deyil, əməldə nümayiş etdirməkdə qərarlıdır. Bu xətt hazırda uğurla davam etdirilir. Bu prosesdə siyasi partiyalar da fəal rol oynamalıdır. İndi hər bir partiya üçün öz potensialını ortaya qoymaq, özünü təsdiqləmək üçün unikal imkanlar yaranıb. Dövlətlə siyasi partiyaların əməkdaşlığı, iş birliyi ölkəmizə böyük siyasi dividentlər qazandıracaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir