Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

Əli Kərimli, Cəmil Həsənli hansı üzlə xalqın qarşısına çıxacaqlar?

CƏMİYYƏT2020.05.18 15:36

Əli Kərimli, Cəmil Həsənli hansı üzlə xalqın qarşısına çıxacaqlar?

 520 Comments

“Milli Şura”nın Koordinasiya Mərkəzinin son onlayn müzakirələrində səslənən təhqirlər və ümumiyyətlə orada bir araya gələn siyasi qüvvənin etik səviyyəsi, əxlaqi durumu əslində bütün siyasətçiləri düşündürməli və cəmiyyəti də ciddən narahat etməlidir. Siyasətçiləri nə üçün düşündürməlidir? Ən azından sabah onların da “Milli Şura”nın KM-də təmsil olunan siyasətçilərin səviyyəsinə düşməmələri və eyni aqibəti yaşamamaları üçün düşünməlidirlər. Söhbət müxalifət və ya iqtidar düşərgəsində təmsil olunmasından asılı olmayaraq bütün siyasətçilərdən gedir. Həmçinin, siyasətçiləri düşündürməli olan digər bir məqam isə “Milli Şura”nın Koordinasiya Mərkəzinin məlum onlayn müzakirəsi zamanı havada uçuşan söyüşlərin, təhqirlərin, həqarətli münasibətlərin siyasətə maraq göstərən, siyasi karyera qurmaq istəyən insanların (xüsusən də gənclərin) siyasətdən iyrənməsinə, diksinməsinə səbəb ola bilməsidir. İnsanlarda kütləvi siyasi apatiya əhvali-ruhiyyəsinin, biganəliyin baş qaldırması məhz bu cür amillərdən doğur.

İllərdir iqtidarın üzərinə sağdan da, soldan da hücuma keçən, dövlətə və hakimiyyətə qarşı cürbəcür əsassız ittihamlar səsləndirən, amma bütün bunlara görə heç bir məsuliyyət daşımayan “Milli Şura” adlı antimilli qurumun cinsi azlığın nümayəndəsi olan xaricdəki məlum bloggeri əvvəlcə “üzdəniraq”, “kişi q.si” və sair “epitet”lərlə təhqir edib, sonra isə ondan təcili qaydada üzr istəməsi doğrudan da cəmiyyətin dərin bir narahatlıq və narazılıq hissi ilə qarşıladığı bir hadisədir. Cəmiyyətə və xaricdəki ağalarına (qrantverənlərinə) özlərini Azərbaycanın “ana müxalifət”i, “aparıcı müxalifət”i kimi sırımağa çalışan “Milli Şura”nın bircə nəfər cinsi azlıq nümayəndəsinin əks-hücumu qarşısında bu cür aciz duruma düşüb mənəvi-psixoloji baxımdan darmadağın olması, eləcə də istefalarla üzləşməsi siyasi tariximiz üçün də utancverici bir hadisə, üzqarası sayıla biləcək bir presedentdir. Siyasəti bu qədər iyrəncləşdirmək olmazdı. Bu rəzaləti görən fəal gənclər bundan sonra siyasətə üz tutarlarmı? Onsuz da siyasəti ən qədim “peşə” ilə – fahişəliklə eyniləşdirən insanların çoxluq təşkil etdiyi bir cəmiyyətdə “Milli Şura”nın onlayn müzakirəsində baş verən rüsvayçı epizodları izlədikdən sonra siyasətdə əxlaqın mövcud olmasına, siyasətçilərin normal, abırlı insan olmalarına kim inanar ki? Xalqın siyasətə, siyasətçilərə qarşı olub-qalan hörmətini, inamını bu cürə saymazyana bir şəkildə ayaqlar altına atmaq axı nəyə lazım idi?

Bu hadisədən sonra özündə az da olsa güc tapıb bu qurumun sıralarından istefa verən kinorejissor Eldəniz Quliyevin yazdığı bir cümlə “Milli Şura”nın başbilənlərinin, “müdrik”lərinin üzünə şillə kimi çırpıla biləcək cümlədir:“Yəni homoseksualların dərdi, yaxud himayəsi bu qədər qiymətlidir ki, xalqın bizə olan az-çox hörmətini və son ümidlərini itirmək bahasına da olsa, belə taleyüklü məsələləri görməzdən gələk?! Şəxsən mən bu sayaq yanaşmanı kökündən səhv və qərəzli saydıram”. Bəli, Eldəniz Quliyev bu yanaşmanı kökündən səhv və qərəzli saydığına görə öz abrına, həyasına qısılır və istefa verir. Bəs Əli Kərimli, Cəmil Həsənli? Bəs az qala müxalifətin “müqəddəs mələyi” kimi təqdim edilən Gültəkin Hacıbəyli? Onlar nə üçün istefa vermirlər? Bu adamlar bu boyda rəzalətdən sonra da axı necə özlərini guya heç nə baş verməyibmiş kimi aparırlar? Onlar bundan sonra hansı üzlə xalqın qarşısına çıxacaqlar? Cəmil Həsənli-Əli Kərimli cütlüyünün liderlik, öndərlik etdiyi bu tərbiyəsiz dəstənin hakimiyyətə iddialı olması cəmiyyətdə gerçəkdən də böyük bir narahatlıq hissi doğurur. Və bu gedişlə cəmiyyət yəqin ki, elementar ədəb-ərkan hissindən məhrum olan bu marginalları böyük siyasət səhnəsindən tamamilə süpürüb atacaq. İnsanları siyasətdən iyrəndirənlərə nə siyasətdə, nə də cəmiyyətdə yer ola bilməz!

Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir