Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

Trampın məktubu: “Bu, İlham Əliyevin şəxsi keyfiyyətlərinə ehtiramın ifadəsidir”

“ABŞ prezidenti Donald Trampın Respublika günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubu ABŞ-Azərbaycan əməkdaşlığının yüksək səviyyədə davam etməsinin təzahürüdür”.
Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, Trampın təbrik məktubundakı fikirlər ölkəmizin müstəqilliyinə, Azərbaycan xalqının istiqlal tarixinə və  Prezident İlham Əliyevin şəxsi keyfiyyətlərinə hörmət və ehtiramın ifadəsidir: 

“Bu gün hər kəs bu fikirlə razılaşar ki, hazırda ABŞ dünyanın bir nömrəli supergücü olaraq qalır. Bu ölkə ilə münasibətlərin müsbət müstəvidə qurulması hər bir ölkə üçün geopolitik əhəmiyyətə malikdir. Trampın təbrik məktubu Amerika Birləşmiş Ştatlarının dövlətimizin müstəqillik və suverenliyini dəstəklədiyini və Azərbaycanla əməkdaşlığın gələcəkdə də davam etdirilməsində maraqlı olduğunu göstərir. Biz bu gün gənc müstəqil ölkə olaraq ABŞ kimi super güclə bir çox istiqamətlərdə səmərəli əməkdaşlıq münasibətlərinə malikik. Bynəlxalq təhlükəsizliyin gücləndirilməsi, terrorizmə qarşı mübarizə, Qərbin (ilk növbədə Avropa Birliyi ölkələrinin) enerji ehtiyaclarının təmin edilməsi, eləcə də elmi, iqtisadi sahələrdə əməkdaşlıq etməyimiz hər iki ölkənin strateji maraqlarına cavab verir”.


Siyasi şərhçi vurğulayıb ki, ABŞ bizim əsas strateji müttəfiqlərimizdən biri sayılır:

“Məhz bu amili nəzərə alaraq Tramp sözügedən təbrik məktubunda ABŞ-la Azərbaycanın 30 ilə yaxındır ki, bir çox sahələrdə uğurla əməkdaşlıq etdiklərini vurğulayıb. Mən Ağ Ev rəhbərinin təbrik sözlərində Amerika və Azərbaycan xalqlarını iki böyük xalq adlandırmasını da xüsusilə qeyd etmək istərdim. Bir dünya liderindən xalqımızın böyüklüyünün etiraf edilməsi, vurğulanması həqiqətən də qürurverici hadisədir. Ölkəmiz və xalqımız gec də olsa layiq olduğu yüksək qiymətini alır”.
Analitik vurğulayıb ki, Tramp məktubunda həmçinin,  demokratikləşdirmə sahəsində Azərbaycan hakimiyyətinin fəaliyyətini yüksək qiymətləndirib:
“Onun Azərbaycanda demokratik idarəetməni təşviq etməsi, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına dəstək verəcəyini bəyan etməsi də önəmli məqamlardan biridir. ABŞ prezidenti öz məktubunda Qarabağ münaqişəsinin həlli məsələsinə də münasibət bildirib. Bəyan edib ki, ABŞ Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakını bundan sonra da davam etdirəcək. ABŞ liderinin bu zəmanəti hazırki həssas məqamda bizim üçün olduqca önəmlidir. Çünki Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həlli rəsmi Bakı üçün prioritet əhəmiyyət kəsb edir və bu məsələdə ABŞ-ın dəstəyi bizim üçün çox vacibdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir